birinci sahife
Sirus Mədədi
21Azər
və bugün
Demokratik 21 Azər və bu günkü “milli” mübarizədə bəzi anti demokratik
baxışlar.
Əziz
dostlar! 21 Azərin, Azərbaycan Milli Demokratik Hökumətinin 63-cü il
dönümü münasibətilə mən də- məndən öncə danışan dostlar kimi sizi
təbrik edib, vətənin, xalqın yolunda canlarını qurban verən
qəhrəmanların xatirəsi önündə baş əyirəm.
Sözə
başlamadan əvvəl icasə verin bir mövzuya işarə edim. Təvazökarlıqdan
uzaq düşməsin, məni taniyan dostlar bilirlər ki, mən heç zaman yaranan
fəzaya tabe olub, mövqeiyyət, təhsin, kütləvi afərinlə və s....
arxasınca olmamışam. Kimsədən rəy toplamaq fikrində deyiləm. Illərdir,
hər 21 Azər gələndə mən istəmişəm bir tərəfdən o nehzətdən( hərəkatdan)
müdafiə edəm. Bir tərəfdən də bu günkü mübarizəmizə bir nəzər salıb,
çatışmazlıqları, mənfi cəhətləri ortaya qoyam və onlarla mübarizə
yollarını düşündüyüm qədər açıb göstərəm. Elə bu gün də
qəstim(məqsədim) budur. Bilirəm hər zaman olduğu kimi məndən
inciyənlər də olacaq, mənlə düşmənliyə qalxıb, ittihamlar yağdıranlar
da olacaq. Amma həqiqət hər şeydən üstündür. Həm həqiqət olduğu üçün,
həm də xalqımızın xeyri- mənafeyi onda olduğu səbəbdən.
Bu
müqəddimə ilə məsələnin əslinə keçirəm:
Bildiyiniz ki 1945- 1946-ci illər, Azərbaycanda yaranan milli
demokratik hökumət, tərkibi, vəzifələri və iqdamatı nüqtei- nəzərindən
şərq və ümümiyyətlə dünya miqyasında misli az görünən tarixi
hadisələdən biridir. Biz bu gün bu böyük günü bir çox özünəməxsus
şəraitdə qeyd edirik. Bir tərəfdən İran İslam Cümhuriyyəti, fars
ifratçi millıyyətçiliyi bizim xalqı, bizim milli varlığı əzib
dağıtmaqdadır və bir tərəfdən də milli zülmə qarşı etirazlar
genişlənir və genişləndikcə günü-gündən artıq sağlaşıb, anti
demokratik xarakter daşıyan bir siyasi meyl də demokratik mübarizəmizə
başqa rəng, başqa sima verib, onu öz hədəflərindən uzaqlaşdırmağa
çalışır.
21
Azər bizə tarix səhifələrində quylanıb qalan bir hadisə yox, bir
örnəkdir. İllər uzunu böyük demokrat Pişəvərinin əsas ideyaları bir
məşəl kimi önümüzdə gedib. Biz illərdir ki, böyük qəhrəmanlarımızın
varisləri kimi demokratik şüarlarla, demokratik yollarla xalqımızın
milli-azadliq hüququ uğrunda döyüşmüşük. Uzun illər mübaizlərimiz,
bədii ədəbiyyatımız, şeirimiz və musiqimiz də bu yolu tərənnüm
etmişdir. Bizim qüvvətlərimizdən biri də elə bu metod və bu yol
olmuşdur. Biz dünya əfkari- amməsi( dünya ictimaiyyəti) içində(
arasında) fəqət( yalnız) haqlı istəklərimiz ilə yox, həm də demokratik
yollarla döyüşdüyümüz üçün diqqət və himayət qazanmışıq və qazana
bilərik.
Amma bildiyimiz kimi
bu gün bizim Azərbaycanda bir ayrı metodik, siyasi xətt də var. O xətt
“insan”, “xalq”, “vətən”, “Azərbaycan” və “millətsevərlik” yerinə “qan”,
“İrq” və “nəjad” sevərlik xəttini irəli sürür. Bu cərəyan 21 Azər adı
altında gizlənsə də, 21 Azərin ideyalarına, armanlarına tam qarşı
çıxış edir. Bu fovqüladə təhlükəli cərəyan, “türkçülük-turançılıq”
cərəyanıdır. Tarix isbat(sbut) etmişdir ki, bu xətt iddialarına
rəğmən(baxmayaraq) türk xalqları, türk millətlərin xeyrinə yox, bir
müəyyən məhfillərin(zümrələrin), təbəqələrin və siyasətlərin
mənafeyindən müdafiə etmək üçün yaranmışdır. Sadə, səmimi, xeyrxah,
mübariz insanları həqiqi mübarizədən yayındırıb, onları inhirafi( əyrı)
yola yonəldən “başçılar” bu həqiqəti hamıdan yaxşı bilirlər.
Müxtəlif insan qruplarıının gözəl həyat üçün birgə çalışması olduqca
müsbət bir hərəkətdir. Amma “nəjadi” və “irqçilk” əsasında qurulan
“ittihadlar” (ittifaqlar) hər zaman sədaqətli şəxslərin niyyətlərindən
asılı olmayaraq, müəyyən siyasətlərin aləti-dəstinə (əlaltısına)
çevrilir. Panaamerikanızm, Amerika Birləşmiş Dövlətləri xeyrinə,
panislamism, panşiəizm, paniranism Tehran mənafeyinə, pansilavizm
Maskvanın xeyrinə olduğu kimi, panturkism də əməl meydanında bir
müəyyən qüdrətli varlıq, Türk dövlətləri içində ən güclüsünə dayanmalı
və oradaki hakim dayirələrin mənafeyini öz mənafeyindən üstün tutmalı
olur. Bu iddia deyil, bir vaqeiyyətdir. Bu yeni bir “beynəlmiləl”(beynalxalq),
“milli beynəlmiləl”, milli internasiyonal”dır. Mütənaqiz(ziddiyyətli)
görünən bu məfhum, bir həqiqətdir.
Siz
bilirsiniz ki, bu meyl, bu xətt bizim Azərbaycanda yenidir. Doğrudur
Xiyabani dövründə bir neçə osmanlıçı şəxsin bu düşüncəyə tərəfdar
olduğunu bilirik.
Xiyabaninin də onlara müxalif olduğundan xəbərimiz var. Amma keçən 70
ildə bizim fars şüvinizminə qarşı milli demokratik mübarizəmizdə
türkçülük-turançılıq xətti olmamışdır. Onun tarixi 90-ci ildən
Azərbaycan Respublikasında türkiyəçi Elçibəyin hakimiyyətə gəldiyi
dövrdən başlanır.
Milli
demokratik hüquq uğrundaki mübarizə ilə “türk irqi”, “türk qanı”, türk
dünyası” uğrunda mübarizə iki mütəzadd(ziddiyyətli) düşüncə və
siyasətdir. “azərbaycançılıq”la, “türkçülül- turançılıq” hər zaman
bir-biri ilə gərgin
çəkişmələrdə olmuşlar. Elə bu səbəbdəndir ki, Azərbaycanda, Türkiyədə
və Avropada fəaliyyət göstərən türkçülük-türançılıq xətti birinci
gündən bizim 21 Azər hərəkatı ilə düşmən olmuşdur.
Aziz
dostlar! yoldaşlar!
Azərbaycan məsələsi ilə əlaqədar bu günə qədər 4 düşüncə, meyl və
siyasətin şahidi olmuşdur:
1-
Azərbaycan 2- Azərbaycançılıq Δ Azərbaycançılıqsevərlik, türanşılıq Δ
Türkçülük 3- Bütün Δ bütün Azərbaycançılıq Δ 4 Türkçülük Δ
Azərbaycançılıq
Milli
demokratik hüquqlar Azərbaycan xalqının mənafeyi uğrunda mübarizədən
başlanan Azərbaycansevərlik- Azərbaycançılıq xətti, bir az
diqqətsizliklə getdikcə addım-addım “tündləşir” və nəhayətdə öz ziddinə,
yəni fövqüladə təhlükəli pantürkizmə çevrlir. Biri-birindən çox kiçik
elementlərlə, xirda fərqlərlə seçilən bu 4 siyasi meyl nəhayətdə
bir-birinə qarşı yollara çevrilir. Birici yolda, yəni
Azərbaycansevərlik- Azərbaycançılıq düşüncəsində əsas və mərkəzi nüqtə
vaqe olan”xalq”, “Azərbaycan xalqı” və “demokratism” isə getdikcə
yerini “İrq”, “qan” və “nəjad” kimi anlayışlara verir. Bu siyasət öz
gedişində Azərbaycandan uzaqlaşır və yeri gəldikdə Azərbaycan əleyhinə
heç düşmənçilikdən də əsirgəmir. Türkçülük-türançılıq Rza şahlar,
Məhəmmədrza şahlar, Hitlerlər, Mussolinilərlə Amerika və İngilis
təcavüzkarları ilə birləşib, Şimali Azərbaycana və 21 Azərə qarşı əmkdaşlıq
etdiklərini tarixin səhifələrindən silmək olmaz.
Bilirsiniz ki, 21 Azər hərəkatı və milli hökumət dövrü “türkçü-
turançılar” bizə yox, Tehran hökumətinə yardım etmişlər. Türkiyə
dövləti o illər bizim fədailərin yox, sərleşgər Zəngənə kimi
cəlladların pnahgahınə çevrilmişdir. Türkiyə mətbuatının səhifələri və
Ankara radiosunun arxivləri bu düşmənçiliklərin sənədlərilə doludur.
Ankara radiosunun qüyrüğu kimi hərəkata qarşı iftirala yayılmış və
totiələri, Milli Hökumət dövru mətbuatı, Azərbaycan qəzetini və şəxs
Pişəvərinin əsərləri ilə tanış olanlar mənim bu sözlərimi yaxşı başa
düşərlər. Pişəvəri dönə-dönə bu xiyanətkaranə(xiyanətkarcasına)
siyasti tənqid etmiş və onların bizə nə qədər zərbə vurduğunu qeyd
etmişdir. Bu dövr Türkiyəyə hakim olan irticai(geriçi) dövlətin
siyasəti, pantürkism siyasəti ilə üst-üstə düşmüşdur. Aydındır ki,
bizim bu sözlərimiz- bəzi şəyyadların (şarlatanların) təbliğinə
rəğmən(baxmayaraq), “Türkiyə” ölkəsinə qarşı düşmənçilik deyil, 21
Azər dövrü Türkiyədə hökm sürən türk irticası və “türkçü-turançılıq”
adı altında öz mənafelərini təqib edən mürtəce rəhbərlərə qarşı iddia
namədir. Bəli, bu bir həqiqətdir ki, sadə zəhmətkeş xalqı, irq
üstünlüyü ilə aldadan siyasətçilər, bu qüvvəni Azərbaycan hərəkatıın əleyhinə
təhrik etmişlər.
Keçən
günlərdə pantürkismin 21 Azərə qarşı siyasətini təbriə(siyasətinə
bəraət qazandırmaq üçün) etmək istəyən bir şəxs “Pişəvəri- Türkiyə
ilişkiləri üzərində” adlı yazısında bu həqiqətə etiraf etmişdir. O,
yazırki bu dövrdə Türkiyə öz qorxusundan, öz əmniyyətini(təhlükəsizliyini)
qorumaq üçün Pişəvəri və 21 Azər ilə düşmənçilik etmişdir. Məqalənin
müəllifi bunu deməklə bir həqiqəti ortaya qoyur: Bəli Türkiyə dövləti,
dünya “türkçüləri və “turançıları” öz mənafelərini qoruyaraq bizimlə
müşmənçilik etmişlər. Deməli, son sözü “soy”, “qan” və “irq” deyil,
mənafe demiş olur. Əgər belədirsə, bəs sözü danışılan “millətçiliyin”,
“türkçülüyün” mənası nədir. Bəli, biz elə bu gündə yaşadığımız məntəqə
də “soydaşlıq”, “qandaşlıq” və “dindaşlıq”dan açıq-aydın üstün tutulan
mənafeyin şahidiyik. İran-Ermənistan, Türkiyə-Ermənistan münasibətləri
gözümüzün önündədir.
Üzərində danışdığımız 21 Azər hərəkatı dövründə Türkiyə irticasının əsas
qorxusu 21Azərin demokratik ideyalarından olmuşdur. Milyonlarla kənd
və şəhər zəhmətkeşlərinin həyatında dərin dəyişiklər yaradan qadınla
kişini bərabər hüquq elan edən, hüquqsuz xalqa şəxsiyyət bəxş edib,
özünə inandiran 21 Azər əlbəttə ki, məntəqə və eləcə də Türkiyə
zəhmətkeşlərinin ürəyindən olmuş və məntəqədə hakim dayirələrini
vəhşətə salmışdır. Onların əmniyyətini təhdid edən əsas xətər elə 21
Azərin demokratik düşüncələri olmuşdur. Deməli, Azərbaycan xalqı ilə
düşmənciliyi Türkiyə xalqı deyil, Türkiyə mürtəceləri, Türkiyə
pantürkist rəhbərləri etmişdir.
Pantürkism fəqət müharibədən sonra yox, müharibənin içində və ondan
illər öncədən Azərbaycan demokratlarının qanına susamışdır.
M.Ə.Rəsulzadənin şəklini Pişəvərinin şəklinin yanından asdıranlar
yaxşı bilirlər ki, Rəsulzadə o illərdə ömrünün ən yetgin çağlarını
yaşayaraq, bizim nehzətin qanlı düşmənlərindən olmuşdur. M.Ə.
Rəsulzadənin biyoqrafiyasını yazaraq, şəyyadlıqla 1937-dən 1946-ci
illəri məskut qoyub, Rəsulzadə həyatının o illərini gizlədən cənablar
yaxşı bilirlər ki, o illərdə Rəsulzadə təkcə bizim nehzətə tərəfdar
olmamış, bəlkə Alman faşismi ilə , sonralar isə Amerika və İngilis
imeriyalistləri ilə əl-ələ verib bizə və Şimali Azərbaycana qarşı
gərgin fəaliyyət aparmışdır. Bu gizlədilmiş qara pərvəndələrin üzərində
ətraflı danışmağa bizim bu gün vaxtımız imkan verməz. Elə o səbəbdən
də mən bu mövzunu ayrı vaxta qoyub ancaq bu nüktənin üzərində təkid
edirəm ki, 21 Azər rəhbərləri uzun illərdən bəri pntürkismin
mahiyyətini, onun bir müəyyən dayirərin əllərində xalqı aldatmaq üçün
bir vəsilə(vasitə) olduğunu anlayıb və nəticədə ona qarşı olmuşlar.
Pantürkism də heç zaman demokratik 21 Azərlə düşmənçilikdən əl
üzməmişdir. Alpərslan türkeşlərin və Rəsulzadələrin davamçısı olan
qatı pantürkist Elçibəy hakimiyyətə keçdikdən(gəldikdən) sonra 21
Azərin 45 il ötsə də öz öndərlərinin yolunu davam verib, 21 Azər və
Pişəvəri ilə düşmənçiliyi davam etdirmişdir.
Keçmiş
“Şurəvi” də(Sovet) məsx edilmiş sosyalist dağılarkən, o sistemin yerinə
bir demokratik rejim gətirmək yerinə müəyyən dayirələrin, o cümlədən
bir sıra xarici antisovet və pantürkist mühafilinin(dayirələrinin)
fəaliyyəti nəticəsində siyasi boşluq mühitində Elçibəy diklənir. Onun
hakimiyyəti dövründə Azərbaycan xalqına böyük faciəvi ziyanlar
toxunmuşdur. Həmin dövrürdə Cənubi Azərbaycan milli demokratik
mübarizəsi və onun rəhbərləri tapdalanmış, Hətta Pişəvərinin adı Belə
“Pişəvəri” küçəsindən silinmişdir. 21 Azərçilər ciddi sixintılara,
hədələnməklərə məruz qalmışlar.
Bəli
aziz dostlar! Sadə vətənsevər türkləri aldadıb, onları demokratik
mübarizədən yayındırıb, millətsevərlik pərdəsi altında irqiçiliklə və
nəhayət öz mənafelərinə tabe etmək istəyən Pantürkist rəhbərlər
ötdükdən sonra bizim Azərbaycanda2 mövzuya mütəvəcceh olmuşlar(diqqət
etmişlər)
-
Özlərinin bizim Azərbaycan mübarizə tarixində sabiqəsiz olduqlarını
-
21 Azər nehzətinin ürəklərdə yaşadığı
Son
illərdə bu iki nüktəni başa düşən “türkçü- turançılar”
bizim
mübarizə tariximizi təhrif edib(uydurmaqla), onu öz xeyrinə “müsadirə”(zəbt)
etməyə, mənimsəməyə çalışırlar. Onun ideya- düşüncələrini təhrif etmək,
ona yalan tarix yazmaq, turançıların pılanına keçmışdir. Tarix
sahəsində Cəmil Həsənli buna böyük nümunədir. Elçi Bəyin yaxın
yardımçılarından olan bu şəxs öncə Azərbaycan nehzətini birinci gündən
son gününə qədər Stalin qurğusu qələmə verir, 21 Azəri qondarma
hərəkət kimi cilvələndirir və sonralar, mühitin iqtizası)ilə(mühitə
uyğun) orda-burda ktabın pis başa düşüldüyünü, Fars dilinə pis tərcümə
olunduğunu söyləyir. “Vudru Vilson” soyuq müharibə tarixi
müəsisələrinin əməkdaşlığı və “afərin”ləri ilə yazıb yaraddan bu şəxs
son zamanlar bir sıra sadəlövh şəxslərin ürəyini ələ almaq üçün
orda-burda Pişəvərinin milli şəxs olduğundan danışır! Bizim
Azərbaycana və onun tarixinə Məhmud Əfşarlar, Kəsrəvilər qədər zərər
vuran, Elçi bəyi bu tarixçi yardımçısı öz yazıları üçün fars şovinismi
və qərbdəki soyuq müharibə rəhbərlərinin sevgilisinə çevrilmişdir.
Onun yazıları indi “zər varaq” kimi əllərdə gəzir. O, İran
mürtəcelərinin, fars şovinistlərinin zəhərli tədqiqat və təbliğatları
üçün 100 illik material bəxş etmişdir. Bizim nehzətin qondarma,
çamadanda göndərilən dəstur(əmr) nəticəsində yaranan hərəkət kimi
göstərmək istəyənlər, bu gün ayrı dona bürünüb, bizim sadiq(pak)
insanlarımızı, sadiq Azərbaycan sevərlərimizi, sadiq fədailər
balalarını Azərbaycandan uzaqlaşdırıb, onun milli
hüveyyətini(kimliyini) türkçülük içində əzib məhv etməyə çalışırlar.
Onu müşəxxəs Azərbaycan üçün demokratik mübarizədən yayındırıb,
mücərrəd “Turan” üçün- antı demokratik yullara, qan və irq mübarizəsinə
çağırırlar.
Hörmətli dostlar! Yoldaşlar!
Türk
dillər ailəsindən olan bizim Azərbaycan dili, türk dillərinin bir
şöbəsinin bir xoludur. Bu danılmaz bir vaqeiyyətdir. Amma türkdilli
xalqların, türk millətlərinin müxtəlif coğrafiyalarda yaşadığı (Sibirdən
tutmuş Avropa və Cinə qədər) müxtəlif dinlərə inandığı, müxtəlif
görkəmlərdə olduğu və iqtisadi baxımdan fərqli iqtisadlarda yaşadığı
da hamımıza aydındır. Onların danışdığı dillər arasındakı fərq və ifadə
tərzi o qədərdir ki, bu gün hər birinin dili öz adı ilə müşəxxəs
edilir. Bizim dilimiz Azərbaycan türkcəsi(Azərbaycan dili)-dir. Onun
özünəməxsus söz xəzinəsi və ifadə tərzi var. Son zamanlar Çin türkləri
ilə Azərbaycan türklərinin tarixi, siyasi, coğrafiya fərqlərini
gizlədib, hamı türk adı ilə tanıdanlar, bizim milli varlığımızı,
Azərbaycan hüveyyətimizi(kimliyimizi) məhv edib, mövhum və naməlum
türkə çevirənlər, dilimizi də əridib aradan aparırlar. Onların
siyasəti bu ərsədə(sahədə) fars şovinismi siyasəti ilə üst-üstə düşür.
Bilirsiniz ki, şahlıq dövrü hətta “Azərbaycan” sözü, Azərbaycan adı,
özü-özlüyündə bir növ təhlükəli söz hesab edilirdi. Rza şah dövrüdən
Pəhləvilərin son gününə qədər “Azərbaycan” adında ruznamənin(qəzet)
nəşrinə icazə verilmədi. 21 Azərin məğlubiyyətindən sonra Tehran
irticası və fars ifratçı milliyyətçiləri hətta bizim üstanların
adlarınıda dəyişiklik istəmişlər. Tehran bizim Azərbaycanı neçə
parçaya bölüb, “üstani sevvom”, “üstani çəharom” və ... adlandırmaqla
onun hətta adını belə kitablardan silmək istəmişdir. Fars şovinismi bu
adı təhəmmül edə bilmədiyi( dözə bilmədiyi
(kimi
türkçülük-turançılıqda da “Azərbaycan” adı, Azərbaycan hüveyyəti
dözülməz hesab olunur.
Keçən
10-15 ilin içində bir müəyyən siyasət icra edilir: Azərbaycan
hüveyyəti yox, türk hüveyyətindən danışılır. “türanın bir eli var, bir
dili var” bağıran “bəy”lər və “bayan”lar “Azərbaycan”dan söz açmağı,
Azərbaycançılığı bağışlanmaz günah və “küfr” sanırlar. Kəsrəvinin
ixtira etdiyi “Azeri” sözü ilə müxalifət bəhanəsilə, mütərqqi
Azərbaycansevərlik ədəbiyyatımızda “Azərbaycanlı” mənasında işlənən
“Azəri” sözü və habelə “Azərbaycan türkcəsi” mənasında olan
“Azərbaycan türkcəsi” sıxışdırılıb meydandan çıxarılmışdır. Deməli,
Azərbaycana şəxsiyyət verən hər hansı elemet varsa, onunla düşmənçilik
edilir. Dünən söz açdıqları “Azərbaycan mərkəzlidüşüncə” bu gün
“türkcülüyə” gəlib çatmışdır.
Dil
bir millətin varlığının əsas təməlidir. O səbəbdən bizim Azərbaycan
dili (Azərbaycan türkcəsi) fars şovinistləri tərəfindən tapdalandığı
kimi birdə yeni meydana gələn türkçü-türançı çənabların əlilə əzilir.
Onu “türkləşdirməyə” çalışdıqda sözlər dəyişdirilir, “İstanbullaşdırılır”.
Son zamanlarda yayılan yazılara, işlədilən sözlərə diqqət etdikdə bu
faciənin şahidi oluruq. Bu siyasət xalqımıza öz dilində yazılıb oxumaq,
öyrətməyin qarşısında fövqladə böyük bir maneə yaratmaqdadır.
Azərbaycan milli varlığı- Azərbayca dili ilə əlaqədə iki baxış və
siyasəti bir-biri ilə müqayisə edin. Bir tərəfdən “insanları” və
“Xalqı” mərkəz tutan Pişəvərilərin və bir tərəfdən müxtəlif dona
bürünmüş “türkçü”, “türançı” irqçilərin siyasət və baxışların. Şanlı
21Azərin parlaq tarixi səhifələrindən biridə elə milli varlıq və
dilimizə münasibəti olmuşdur.
Hörmətli
xanımlar! Ağalar!
21
Azərin rəhbərləri insanların birliyini istədiyi halda, yaxşı
bilirdilər ki,”türkçülük” türklərin birliyi fəlsəfəsi yox, əməldə
müəyyən dayirələrin mənafeyinə örtük olan bir fəlsəfədir. Bilirsiniz
ki, Türkiyədə türkçülük güclənən zaman, İranda da fars şovinismi
qüdrətlənməkdə olmuşdur. Türkiyədə, Avropada və habelə Şimali
Azərbaycandan gəlib İranda yaşayan pantürkistlə və müsavatçılar fars
şovinisminin, Rza şahın qəddar təbliğatçıları olmuşlar. Onlar
Azərbaycan Qanına susamış Rzaşahı, anti kommunist, anti sovet olduğu
üçün təyid və ona yardım etmişlər. Rəsulzadənin dönə-dönə Rza şahı
mədh etdiyindən xəbərimiz var. Onun “kongrə”(qurultay) Firdovsi”-
Firdövsinin 1000 illiyi münasibəti ilən yazdıqları danılmaz tarixi
sənədlərdir.[ M.Ə.Rəsulzadə haqqında mənim yaxın gələcəkdə nəşr
edəcəyim yazıya müntəzir qala bilməyən dostları, hələlik kicik nümunə
olaraq “Şımali Qafqaz” jurnalının 1934-cü il 5-6-ci nömrələrində (2-3
s) ki “Firdövsi bayramı” adlı məqaləyə baxmağa dəvət edirəm.]
Amma
bir gün bir əcib tarixi təqəllübün(uydurma) şahidiyik. Dünənə kimi
Pişəvəriyə lənətlər oxuyan “bozqurd”çular, bu gün onuda müsadirə
edirlər. Böyük demokrat və anti rasist olan Pişəvərinin əksi(şəkli)
Rəsulzadə ilə, “bozqurd”la bir yerdə yayılır. 21 Azərdə “qurd” ulaması
təşkil edilir. Bu fəqət şəkil deyil, pantürkism bizim nehzəti milli
demokratik məzmundan boşaldıb, onu məhv etmək üçün ciddi hərəkətə
keçmişdir.
Son
zamanlar bizim Azərbaycanda milli zülmə qarşı üsyan edənlərin böyük
bir hissəsi “mən türkəm” diyə, Azərbaycan mənafeyi üçün üsyan edirlər.
Onlar ara-sıra özlərini “türkçü” adlandırsalar da onu bam-başqa
mənada “milli hüquq, milli varlıq uğrunda mübarizə şüari kimi anlayıb,
istifadə edirlər. Milli zülmdən cana gəlmiş bu mübariz insanların
insani hissiyatından sui-istifadə edib, Onları “pantürkist turançı”
kimi qələmə verənlər, öz işlərinin mənasını yaxşıca bilirlər. Onlar
tariximizi müsadirə etdikləri kimi, mübarizlərimizi də müsadirə etməyə
cəhd göstərir.
Əziz
dostlar! əziz yoldaşlar!
Tarix
bir xalqın sərgüzəşdidir. Onu olduğu kimi tanımaq, təhlil etmək gərək.
Onu bu güngü qəlibə salmaq olmaz. Onu bu gün istədiyimiz şəkilə salmaq,
həm yalan, həm də xalqı tarixi dərsdən, tarixi təcrübədən məhrum etmək
deməkdir.
Bizim
milli demokratik 21 Azər hərəkatı, ifrati(ifratçı) millətpərəstlik
hərəkatı olmamışdır, bizim 21 azər hökuməti xalq hökuməti demokratik
və xalq olub. Onun adındakı “milli hökumət” sözü nasiyonalistlik,
millətpərəstlik yox, Azərbaycan xalqı və Azərbaycan milləti üçün olmaq
deməkdir. Bilirsiniz ki, milli sözü Azərbaycanda və İranda, o illər və
hətta bu günə kimi “xalqı”, “qeyri-xalqı”, “dövlətə qarşı”, “ümumi”
və... mənada işlənilib. 21 Azərin yaratdığı hökumətin “milli”
adlanması, onun “xalqı” olması deməkdir. Firqə başçıları və Şəxsən
Pişəvəri hər zaman bütün İranda “milli hökumət” yaratmaq qəstlərindən
danışmışdılar. Onlar demışdılər ki, Azərbaycanda yaranan milli hökumət
bizim sərhəddlərdə məhdud qalmamalı! Bizim məqsədimiz bütün İranda
milli hökumət yaratmaqdır. Bizim rəhbərlər özlərini demokratlar
adlandırmışlar. Firqənin də adı “Demokrat Firəsi” olmuşdur. olar heç
zaman “nə mutlu türkəm deyən” deməyib, düşünməmişlər. Pişəvəri osmanlı
imperiyalistlərin dağılma səbəblərindən danışanda elə bu türkçülüyün
rolunu tənqid etmişdır. Qondarma 21 Azərçilər yox, 21 Azər adı altında
“türan” böyürənlər yox, həqiqi 21 Azəçilər millətimizi xalqımızı
sevmiş və heç zaman irqdən və nəjaddan danışmamışlar.
Bizim
türkçü və millətçilərin fikrinə müğayir olaraq, 21 Azər hərəkatı heç
zaman azərbaycanlıları azərbaycanlı olduqları üçün
müqəddəsləşdirməşişdir. Milli hökumət millətin müəyyən hissəsi,
millətin içindəki bir ayrı milləti təşkil edən zəhmətkeşlər,
roşənfikirlər(ziyalılar) və Azərbaycan xalqına mənafe yetirənlərin
hesabını, azərbaycanlı xanların, əyanların, dövlət başçılarının
hesabından ayırmış, onların arasında ciddi fərq qoymuşlar. Bilirsiniz
ki, o dövrdə bizə qarşı mübarizə aparanların çox böyük hissəsi elə
azərbaycanlılar olmuşlar. Seyid Həsən Təqizadə, Said, Şahbəxti,
Zülfüqari, Əmir Nüsrət İskəndəri və minlərlə başqasının azərbaycanlı
olduqlarına şübhə edən yoxdur. Şəriətmədari və Tehranda mərəkə
gəzdirən Mirzə Hüseyn Vazid də azərbaycanlı olmuşlar. Amma firqə
zəhmətkeş Azərbaycan millətinə qarşı olan “türk” xanları və “türk”
satqınları “xalq düşməni” elan edib, onlar bizi və biz onları məhv
etməyə çalışmışıq. Bu gün mulla Həsəniləri, Hadi Qəffariləri
azərbaycanlı olduqları üçün bizim və bizə müttəhid hesab edənlər hər
nədən danışsalar da, özlərini 21 Azər hərəkatı davamçıları
cilvələndirməyə haqqları yoxdur.
21
Azər sekular bir hərəkatdır. Bizim rəhbərlər xalqın dini etiqadlarına
(inamlarına) hörmət qoysalar da, heç zaman dini siyasətə qatanlarla
barışmamışlar. Bu elə Məşrutə dövründən bizdə bir sünnətdir(adətdir)
Səttarxan da belə olmuşdur. Şex Məhəmməd Xiyabani və Pişəvəri də.
Bizim nehzət qan dəryasında boğanlar. Dindən sui-istifadə etməklə
irəli gəlmişlər. Bizim xalqın dini etiqadlarına ciddən ehtiram
qoymalıyıq(hörmət etməliyik). Din ilə siyasətin ayrılması və ayrı
qalmasından hərəkət etməliyik Binaən(demək) dini dövlət yaratmaq
istəyənlərlə 21 Azərin heç bir əlaqəsi ola bilməz. Türk dilini yaymaq
üçün Xomeyni əsərlərini bizim dilə tərcümə edib, səhərə qədər
təəssürdən ağlayan həzərat hər nədən danışsalar, özlərini 21 Azərə
bağlamağa haqqları yoxdur.
21
Azər hərəkatı dünya imperiyalistlərinin qurğusu ilə dağılıb, qan
dəryasında məhv edilmişdir. Bu gün Amerika dövlətinə, onun dünya
siyasətlərinə hər kimin hər nəzəri varsa, onun özünə möhtərəmdir. Biz
kimsəni nəzərlərini dəyişməyə məcbur etmək istəmirik və haqqımız da
yoxdur. Amma dünənə kimi anti imperiyalistlikdə özlərinədən alövlusun
tanımayanlar, indi özlərini əldəqayırma təşkilatlar lideri
adlandıranlar pəhlivan pənbələrin də, bəzi məhvillərə(zümrələrə)
sığınaraq, 21 Azəri təhrif etməyə haqqları yoxdur! Qoy 21 Azərin
düşmənlərinə yaltaqlığı 21 Azər adı altında yox, başqa bir ad altında
həyata keçirsinlər. Bu tarixdir və onu hər günkü siyasətin
iqtizası(şəraiti) üçün təhrif etmək olmaz. Turan böyürüb, irqçilik
təbliğ etməklə, 21 Azər yolunun davamçısı- ərəblər demişkən-
“maneül-cəm” yollar və düşüncələrdir.
Müxtəlif
dövlətlərin yaratdığı büccələrlə , üzdən iraq milli mübarizə aparmaq
iddiasında olan, Amerikanın bir senat nümayəndəsi ilə bir xiyavanda
yan-yana keçirtdiklərini böyük fəxr hesab edənlərin, 21 Azərlə heç bir
əlaqəsi ola bilməz. Amerika prezidentlik seçkilərində dəstə bağlayıb
soyuq müharibə qəhrəmanı, ifratçi “Məkkin”inin seçikməsinə çalışan,
Obama seçildikdən sonra şovonist şahpərəstlərimizlə birlikdə “Təəziyə”
tutanlarla bizim–həqiqi 21 Azərçilərin heç bir bağlantısı yoxdur. Fars
və Kürd ifratçı milliyyətçiləri kimi Amerika və İngilis hakim cəng
tələb dayirələrinə, “İrana həmlə et, sən göydən, biz yerdən!” deyən
bəylər öz işlərində azaddırlar. Amma biz onlara özlərini 21 Azərə
bağlamaq icazəsini verə bilmərik.
Aziz
dostlar!
Bu gün
bu acı sözlərimin davamında 21 Azər münasibəti ilə yeri gəlmişkən bir
iki başqa nüktəyə də işarə etmək istərdim. O nüktələr Kürd, Erməni və
Fars məsələsidir.
Erməni
məsələsi bu dövrürdə bizə Şimali Azərbaycan vasitəsi ilə daxil
edilmişdir. Biz İranda yaşayn erməni xalqı ilə qardaşvarı yaşarıq. Bu
xalq 21 hərəkatında baş və canla iştirak edib, Azərbaycan naminə böyük
qurbanlar vermişdir. Arsen Şaxiyan, Suren Haruniyan və Hartun
Haraniyan kimi erməni firqəçiləri və erməni fədailərinin qanı
başqaları ilə birlikdə Azərbaycanın torpaqlarına axıdılmışdır. Biz bu
gündə onlarla qardaşlığımızı qurmalıyıq. Biz osmanlı və müsavat
hökumətlərinin varisləri kimi yox, Pişəvərilər övladi kimi 21 Azər
metodu ilə erməni məsələsinə yanaşmalıyıq.
Şimali
Azərbaycanda, Qarabağda erməni daşnaqların rəhbərliyi ilə yaranan
cinayətləri örtb-basdırmaq olmaz. Amma o insani faciələri yaradanların
bir tərəfli Rusiyanin və bir sıra xarici ölkələrin mürtəce
hakimdayirələri olsa da, daxili müqəssirlərin(günahkarların) rolunu da
unutmaq mümkün deyil. Doğrudur, bu faciələrin yaranmasında əsas
məsuliyyət Azərbaycan torpaqlarına basqına keçən, işğal edilmiş
yerlərdə “nəsil kəsmə” siyasti yeridən təcavüzkar erməni
millətçilərin-“Hayistan” xulyaçilarının boynunadır. Amma faciənin
gəlişməsi və genişlənməsində “türkçülük” silahı ilə siyasət meydanına
çıxan, “Türan” xulyalı Elçibəy hakimiyyətinin də rolunu inkar etmək
olmaz. Deməli bu iki ekstrimist partiya bir-birini təkmilləşdirmişdir.
İki millətin sadə zəhmətkeş insanlarının zərərinə qurtaran bu
macəranın daxili amilləri qüdrətdən endirilməli idi və endirilməlidir.
Xoşbəxtlikdən Azərbaycan xalqının zərərinə qurtaran bu faciələri
yaradanlardan bir tərəfi, yəni qatı türkiyəpərəst, qatı pantürkist
Elçibəyçilər qüdrətdən salınmışdır. Amma təəssüflərələ Ermənistanda
daşnaqlar, təcavüzkarlar hakimiyyəti hələ də davam edir. Təkcə qardaş
Azərbaycan xalqına yox, Erməni xalqının özünə cübran edilməz(sağalmaz)
faciələr ərməğan edən bu mürtəce ultra milliyyətpərəstlər- başqa sözlə
İrəvanda hökm sürən daşnaqlar da taxtdan salınmalıdır.
Azərbaycan cümhuriyyətindəki “erməni-müsəlman” məsələsini irqi
düşmənçilik təbliğ etməklə, həll etmək olmaz. Cənubi Azərbaycan
azadixahları(azdlıqsevərləri) bu məsələdə ifratçılıq
mövzədən(mövqedən) mütləqa uzaq gəzməlidirlər. Erməni daşnakları ilə
sadə erməni xalqı arasına, “hayistan”çılarla, hayistançı canilər
qurbani olan xalqa fərq qoymayanlar 21 Azərdən danışa bilməzlər. Gedin
Pişəvərinin qafqzda erməni-müsəlman davası haqqında yazdıqlarına,
“Rəsulzadə kompaniyası” və daşnaq hayistançılarına qarşı yazılarına
baxın. Budur demokratların metod və mövqeyi hərəkətləri. 21 Azəri
özlərinə tarix sananlar ancaq bu yolla hərəkət etməlidirlər.
Əziz
dostlar! Bildiyiniz kimi bizim əsas məsələlərimizdən biri də Kürd
məsələsidir. Bu yolda da 21 Azərdən alınmalı dərslər az deyil. Son
illərdə Kürd ifratçı mıllətçiliyi daha şıddətlənmişdir. Bu fövqüladə
təhlükəli xəstəlik, Əksər Kürd təşkilatlarını bürüyüb, məsmum
etmişdir(zəhərləmişdir). Türkiyə dövləti də öz Kürd məsələsini bizə
sadır(ixrac) etməklə, özünə “poşti cəbhə(cəbhə arxası) yaratmış və
bizi ciddi problemlər qarşıında qoymuşdur. Kürd milləti bizim
qonşumuzdur. Biz yerimizi dəyişə bilmərik, Kürd millətinində yerini
dəyişmək olmaz. Deməli, biz bir-birimizin yanında yaşamağa məcburuq.
Azərbaycan demokratları Kürd ultra millətçiləri ilə mübarizə etdiyi
halda, Kürd xalqının da milli-demokratik hüquqlarından müdafiə
etməlidir. “kürdlərə” qarşı islami, İran cümuriyyəti ilə
birləşdirənlər, pastarlarla Kürd pişmərgələrinin davasında pastarları
özümüzdən sayanlar, özlərini 21 Azərə, Azərbaycan demokratlarına
bağlamağa haqqları yoxdur. Mürtəcelərin və ultra nasiyonalistlərin əllərilə
məntəqədə yaranan vəziyyət, iki qonşu, iki qardaş millət arasında
böyük qanlı sinarilər hazırlamaqdadır. Biz həqiqi kürd azadixahlarını,
kürd millətini başa salmalıyıq ki, ifratçı kürdpərəstlərin yaratdığı
siyasətlər onlara qan və cinayətdən başqa bir şey ərməğan etməz. Biz
kürd milləti ilə dil tapmaqda böyük imkanlara sahibik. Qoy Türkiyə
dövləti öz siyasətini bizə eksport etməsin. Biz qonşularımızla dil
tapmağı birinci sırada qoyub, kürdlərlə irq və nəjad davasına mütləqa
girməməliyik. Milli hüquq uğrunda uzun illər çiyin-çiyinə mübarizə
aparan iki millətin demokratları, bu zəmində də böyük tarixi
təcrübələrə malikdirlər. Pişəvəri-Qazi Məhəmməd münasibətləriböyük
tarixi sənəd və təcrübə qaynağı kimi hələdə bizim önümüzdədir.
Qoy
Kürd ultra millətçiləri ilə kürd milləti arasında fərq qoymayan
şəxslər, özlərini bozqurdların övladı adlandırsınlar. Amma onların 21
Azərə arxalanmağa, özlərini 21 Azər davamçısı adlandırmağa haqqları
yoxdur.
Bu
günkü əsas məsələlərimizin biri də bizi Çin və ya Sibir türklərindən
daha artıq maraqlandıran Fars milləti məsələsidir. Fars milləti bizim
qonşumuzdur. Çin türkləri min illər çinlilərlə birgə yaşayıb,
bir-birinə təsir qoymuşsa, Sibir türkləri ruslarla
mütəqabil(qarşılıqlı) əlaqədə olmuşsalar, biz də qonşuluğumuzda
yaşayan Fars milləti ilə bir yerdə yaşamışıq və yaşamağa məçburuq.
Keçən qərn(əsr) içində o millətin nümayəndəlri kimi çıxış edənlər, o
millətin ziyalılarının böyük əksəriyyəti fars şovonismi silahı ilə
bizim milli varlığımızı əzib məhv etməyə çalışmışdır. Bu bir acı
həqiqətdir. Mən hər zaman demişəm: Bu vəziyyətdən çıxmağın yolu
şovonism mövzəyindən(mövqeyindən) hərəkət etmək və fars
şovonistlərinin işlətdiyi şovonism silahı deyil, bəli farsşovonisminin
bizə etdiyi cinayətlərin təsiri altında bizim cavanlar içərisində bir
müəyyən qədər “antı farsçılıq” qabili fəhmdir (başa düşünülndir). Amma
erməni daşnaklarına görə, erməni millətinə, P.K.K və pejaka görə Kürd
millətinə, fars şovonisminə görə də qonşu Fars millətinə düşmən olmaq
olmaz. Demokratik yollarla fars rasisminə qarşı mübarizə yerinə, qan
davası və nəjad mücadiləsi yaratmaq bizim mübarizəni mütləq
şikəstə(məğlubiyyətə) uğradar. 21 Azə bu baxımdan da böyük məktəbdir.
Biz azərbaycanlıyıq. Dilimizə, milli varlığımıza, ölkəmizə xor baxann
gözləri çıxartmağa hazır olmalıyıq. Amma irq, nəjad, qan davası
yaratmağa yox.
İndi
bizim aramızda özünü 21 Azərə bağlayanlara rast gəlinir ki, mübarizəni
dini hakimiyyətə fars şovonisminə qarşı yox, farslara qarşı hesab
edirlər. Onlar ya bilmir və yaxud yaxşı bilir ki, bu gün İrana hakim
olan islam rejimin ideolojik əsaslarından biri də fars şovonisminin ən
ali təcəssümü və dövlətləşmiş formudur.
Demokratizm üçün hakim rejimlə mübarizə etməyənlər, fars şovonismin ən
ali təblvürü(təzahürü) olan islamı rejimə yox, farslara qarşı mübarizə
elan edən şəxslər ya fövqladə sadəlövh, ya moğrez(qərəzli) və ya da
İran rejiminin bizim aramızdakı məmurlarıdır. 21 Azər məktəbinin
verdiyi dərslər bunlardır.
Gələcəkyin
nə olacağını indidən tam diqqətlə demək olmaz. Amma biz bu gün
istər-istəməz İran tərkibində yaşayırıq və o ölkəni yaradan sayca iki
böyük millətin biriyik. Həm indiki taleyimiz, həm də milli varlığımız
naminə İranın heç bir siyasi, iqtisadi və ictimai prosessinə laqeyd
qalmağa haqqımız yoxdur. “İran” sözünü tabu edənlər, “İran adlanan
ölkəni” rəsmiyyətə tanımayanlar, böyük daş götürüb ata bilməyənlər,
indidən istiqlal alıb bir-başa Şimali Azərbaycana qovüşmaq və ya
Türkiyə ilə birləşmək istəyənlər, özünü 21 Azər təşkilati lideri
adlandıran turançılar, bizim mübarizəmizin irəliləməsinə yox, (əksinə)
ləngiməsinə xidmət edirlər. Budur 21 Azərin bir-başa böyük dərsi
Əziz
dostlar, yoldaşlar!
Azərbaycanda milli hüquq uğrunda mübarizə bu gün çox təhlukəli bir
dövrü keçirir. Mən illərdir dediyim sözü yenə təkrar edirəm: Təhlükəli
siyasətlərin mücriləri(icraçıları) ilə “Həme bahəm” (hamı birlikdə)
şüarı və bayrağı altında irəliləmək mümkün deyil. Açıq-aydın
siyasətlərlə irəliləmək lazımdır. Bizim nehzətimizin içərisindən iki
mütəzadd(ziddiyyətli) böyük qanad ayrılıb, formalaşacaq. Bu iki qanad
fedralism və istiqlal tərəfdarları deyil. Bu qanadlar:
-
Azərbaycan milli hüquq mübarizləri, Azərbaycan demokratları
-
Sağçı ifratçı nasiyonalistlər, turançı bozqurdçılar.
Türkiyənin özündə fövqladə azınlıqda qalan bu ifratçı turançılar,
bozqurdçılar Türk millətinin, Türk demokratlrının müsbət hissilərini
yox, bəlkə nifrətini qazanmışlar. Onların Azərbaycan Cümhuriyyətinə
qarşı fəaliyyətlərindən, bu cümhuriyyəti “azərbacanlaşdırmaq” yox,
“türkiyələşdirmə” cəhdlərindən(səylərindən) də xəbərimiz vardır. Həmin
bu xətt bu gün bizim Azərbaycanda müxtəlif vasitələrlə böyük
qüdrətlər-müəssisələr tərəfindən himayə olunur. Bu qüdrətlər və bu
müəssisələri dolandıranlar bizim günü-gündən artıq mübarizəyə qoşulan
cavan nəsli öz tərəfinə çəkməyə çalışırlar. Onların çalışmaları hətta
bəzi demokratlarımızın düşüncə və əsərlərinə belə təsir etmiş və mənfi
izlər buraxmışdır. Hətta bir sıra demokrat şəxslərin danışıqlarında bu
təhlükəli xəttin izlərini belə görürük
.
Azərbaycanda milli demokratik hüquq uğrunda mübarizənin gələcəyi bu
gün yaranan, formalaşan bu iki qanadın, iki düşüncənin keşməkeşındən
asılı olacaq. Ayıq və sayıq olmalı, cavan mübarizlərimizi irqçilərə
qarşı, Səttarxanlar, Xiyabanilər və Pişəvərilər yolu ilə mübarizəyə
səfərbər etmək gərəkdir. Azərbaycanda “baş boğuçu”ları, “ölküçü”ləri,
“turançı”ları siyasi inzivayə salıb(bir küncə sığışdırıb), xalqımızın
səadəti yolunda irtica və fars şovonixminə qarşı ciddi mübarizəyə
keçmək lazımdır. Budur 21 Azərin bizə qoyub getdiyi irs.
Yaşasın 21 Azərimizin şanlı xatirəsi
Yaşasın 21 Azərin irs qoysuğu demokratik prinsiplər
Məhv
olsun fars şovonismi
Yaşasın Azərbaycanımız!
Yaşasın xalqımız!
Sağolun
25
azər 1387
16 dekabr 2008
cap et